"UĞUR YOLU" MÜSABİQƏSİ HAQQINDA

“Uğur yolu”– İqtisadiyyat Nazirliyinin intellektual səviyyəsi, idarəçilik potensialı yüksək olan əməkdaşlarının seçilməsi, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təsis olunan karyera inkişafı proqramıdır.

İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə iqtisadiyyat nazirinin 12.02.2021-ci il tarixli F-19 nömrəli əmrinə əsasən “Uğur yolu” karyera inkişafı proqramının həyata keçirilməsinə başlanılmışdır.

“Uğur yolu” proqramının 2021-ci ildə keçirilən ilk müsabiqəsinin üç mərhələli seçim prosesində iştirak etmək üçün İqtisadiyyat Nazirliyinin 1231 əməkdaşı müraciət etmiş, onlardan 1-ci mərhələni 250 əməkdaş, 2-ci mərhələni 80 əməkdaş, 3-cü mərhələnin birinci hissəsini 54 əməkdaş uğurla bitirmişdir. Son səriştə əsaslı müsahibə mərhələsinə keçmək hüququ qazanmış 54 əməkdaşdan 22 əməkdaş uğur qazanaraq qalib seçilmişdir.

2022-ci ildə keçirilən “Uğur yolu” müsabiqəsinin seçim prosesində iştirak etmək üçün İqtisadiyyat Nazirliyi üzrə ümumilikdə 1476 əməkdaş müraciət etmiş, onlardan test mərhələsində 250, yarımfinal mərhələsində 47 əməkdaş uğur qazanmışdır. Final mərhələsində 16 əməkdaş qalib seçilmişdir.

2021-ci il və 2022-ci illərdə keçirilən müsabiqə qalibləri fərdi inkişaf proqramına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramlarına cəlb olunmuşdur.

“İqtisadiyyat Nazirliyində 2023-cü il üzrə növbəti “Uğur yolu” müsabiqəsinin təşkili haqqında” iqtisadiyyat nazirinin 20.07.2023-cü il tarixli F-108 nömrəli əmrinə əsasən 2023-cü ildə “Uğur yolu” karyera inkişafı proqramının növbəti müsabiqəsi keçiriləcək. Hər qeydiyyatdan keçən iştirakçı özünü sorğular və fərqli testlər ilə sınayaraq öz bilik və bacarığı haqqında məlumat əldə edə biləcək.

Qaliblər nə əldə edəcək?
Nazir ilə görüşdə iştirak;
Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə görüşlər və tanışlıq;
Təlim və inkişaf proqramlarında iştirak;
Fərdi kouçinq;
Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə mentorluq proqramı;
Daha yüksək vəzifələr üçün kadr ehtiyatına düşmək imkanı.

“Uğur yolu” müsabiqəsi – istedad və biliyi uğura çevirməyin qısa yoludur.

İqtisadiyyat Nazirliyinin bütün qurumlarının əməkdaşları müsabiqədə iştirak edə bilər
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Aparatı və regional bölmələri
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi
“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti
“İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs
"İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxs
"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" publik hüquqi şəxs
“Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs
Azərbaycan İnvestisiya Şirkəti
"Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi" publik hüquqi şəxs (AZPROMO)
“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs
“İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti