İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə iqtisadiyyat nazirinin 12.02.2021-ci il tarixli F-19 nömrəli əmrinə əsasən “Uğur yolu” karyera inkişafı proqramının həyata keçirilməsinə başlanılmışdır.
“Uğur yolu” proqramının 2021-ci ildə keçirilən ilk müsabiqəsinin üç mərhələli seçim prosesində iştirak etmək üçün İqtisadiyyat Nazirliyinin 1231 əməkdaşı müraciət etmiş, onlardan 1-ci mərhələni 250 əməkdaş, 2-ci mərhələni 80 əməkdaş, 3-cü mərhələnin birinci hissəsini 54 əməkdaş uğurla bitirmişdir. Son səriştə əsaslı müsahibə mərhələsinə keçmək hüququ qazanmış 54 əməkdaşdan 22 əməkdaş uğur qazanaraq qalib seçilmişdir.
2022-ci ildə keçirilən “Uğur yolu” müsabiqəsinin seçim prosesində iştirak etmək üçün İqtisadiyyat Nazirliyi üzrə ümumilikdə 1476 əməkdaş müraciət etmiş, onlardan test mərhələsində 250, yarımfinal mərhələsində 47 əməkdaş uğur qazanmışdır. Final mərhələsində 16 əməkdaş qalib seçilmişdir.
2021-ci il, 2022-ci il və 2023-cü illərdə keçirilən müsabiqə qalibləri fərdi inkişaf proqramına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramlarına cəlb olunmuşdur.
“İqtisadiyyat Nazirliyində 2023-cü il üzrə növbəti “Uğur yolu” müsabiqəsinin təşkili haqqında” iqtisadiyyat nazirinin 20.07.2023-cü il tarixli F-108 nömrəli əmrinə əsasən 2023-cü ildə “Uğur yolu” karyera inkişafı proqramının növbəti müsabiqəsi keçirilmişdir. 2023-cü ildə keçirilən “Uğur yolu” müsabiqəsinin seçim prosesində iştirak etmək üçün İqtisadiyyat Nazirliyi üzrə ümumilikdə 1671 əməkdaş müraciət etmiş, onlardan test mərhələsində 326, yarımfinal mərhələsində 100 əməkdaş uğur qazanmışdır. Final mərhələsində 10 əməkdaş qalib seçilmişdir.
“İqtisadiyyat Nazirliyində növbəti “Uğur yolu” müsabiqəsinin təşkili haqqında” iqtisadiyyat nazirinin 26.09.2025-ci il tarixli F-133/2025 nömrəli əmrinə əsasən 2025-ci ildə “Uğur yolu” inkişafı proqramının növbəti müsabiqəsi yeni formatda keçiriləcəkdir. Qeyd edək ki, əvvəlki müsabiqələrdən fərqli olaraq, növbəti müsabiqənin ilkin mərhələsinə liderlik potensialının qiymətləndirilməsi məqsədilə situativ tapşırıqların həlli üzrə virtual test imtahanlarına Nazirlik əməkdaşları cəlb olunacaqlar.
“Uğur yolu” müsabiqəsi – istedad və biliyi uğura çevirməyin qısa yoludur.